Sən inanma məddahlara!

Əhval-Ruhiyyə:Hirsli

Onlar səni radioda tərifləyir,
qəzetlərdə mədh eləyir.
Onlar səni telegüzgü dağlarında vəsf eləyir.

- Nizamini yetirmisən! Kəhkəşansan! - deyir biri.
- Nəsimini yetirmisən! Qəhrəmansan! - deyir biri.

Biri deyir: - Şərqin gözü!
Biri deyir:- Yer üstündə cənnət özü!

Şadlığından şıllaq atır,
Biri deyir: - Ay can! Ay can!
Sən inanma məddahlara, Azərbaycan!

Sən elə bir ormansan ki,
İçərində bir-birinin tam əksinə
neçə can var,
Nizaminin şöbrətini dağım-dağım dağıdan var.
Saib, Sabir dağlarına qəsd eyləyən min nadan var.

Əzəmətli bir palıdsan,
Budağının şah tacını əyənlər var.

Zərrə-zərrə, misqal-misqal yığdığını,
Ton-ton söküb tökənlər var.

Mədh eyləyir onlar səni
Biri deyir: - Öz elimsən
Tufarqanlı Abbasımsan, Şah Xətayim, Füzulimsən!

Belədirsə…
bəs Xələcdə, Duvannıda, Böyükşorda…
Burda, orda…
Neçə gorda neçə kədər düşərgəsi
Maraqlan…bəs onlar nədir?

Hələ dustaq edilməli gör nə qədər gorbagorlar,
Ölü canlar, baxar xorlar,
Haramxorlar…

Vaqif, Möcüz palıdının gövdəsində
mamır kimi yaşayanlar,
Sıfır ikən milyarderə oxşayanlar…
Mədh eyləyir səni onlar ki, yatasan, uyuyasan.
Atəş ikən külə dönüb soyuyasan.

Sən gülünü tikanlardan ayırd etdin axı haçan?
İlanları boğazından açıb atdın axı haçan?

Zəliləri, zalımları kənar etdin axı haçan?
Sən inanma məddahlara, Azərbaycan!

Məddahların səf-səf, növ-növ…
Ən səfehi şeirbazlar,
Ən kifiri rəsmbazlar,
Ən dayazı bəstəbazlar…

Vurub salır onlar sənin qollarını,
Çıxardır şah damarını,
Ürəyini parçalayır bu məddahlar,
yarımtanrı, yarımşahlar.

Səni daim gəmirənlər, sümürənlər,
Hündür, qızın məbədinə əqrəb kimi sürünənlər…
Əl altından yurdun satan alçaqlara inanma sən.
Üzdə nazir, rektor, katib…
içəridən dustaqlara inanma sən.

Sən inanma səni boş-boş öyənlərə,
Daim, hazır yeyənlərə,
Qarana ağ deyənlərə.

Gecə-gündüz zurna çalıb
tərifləyir onlar səni,
Hərif olma, hərifləyir onlar səni

İnanma sən
Dürlü-dürlü tərifbaza, tənqidbaza
İnan mənə! Səs ver mənə!
Tək qalmasın bu meydanda Xəlil Rza

1986

Link:

Qiymətləndir:
3.2

0 Responses to “Sən inanma məddahlara!”


  1. No Comments

Leave a Reply