Əhval-Ruhiyyə:Təəccüblü
Sadə vətəndaşlardan biri “Bank Satandart”a müraciət edərək, hesabına gələn 100 avronu götürmək istəyib. Əvəzində əcaib cavab alıb:
- Gərək izahat yazasınız.
- Nə izahatı?
- Pulu hara xərcləyəcəksiniz, kim göndərib, niyə göndərib və s.
- Başa düşmədim? Bunun sizə nə dəxli var?
- Bizə belə tapşırıblar…
Dünən isə “Azərbaycan parlamentinin İqtisadi siyasət məsələləri komissiyası ölkədə cinayət yolu ilə əldə edilən «çirkli pulların» leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Qanun layihəsi cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasının terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkarlanması və qarşısının alınmasının hüquqi mexanizminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsinə əsasən, Azərbaycanda 20 min manatdan artıq olan pul vəsaitləri və digər əmlakla aparılan əməliyyatlar dövlət strukturu tərəfindən yoxlanılacaq. Belə əməliyyatlar, məbləğindən asılı olmayaraq, monitorinq olunacaq. Bu sahədə yoxlamalar aparmaq üçün XÜSUSİ MALİYYƏ KƏŞFİYYAT ORQANInın yaradılması nəzərdə tutulur.” (Trend)
İndi isə sadə dillə izah edək. Yəni hakimiyyət ölkəyə daxil olan bütün pullara, ölkədə əldən-ələ keçəcək istənilən maliyyə vəsaitinə nəzarət etməyi qanuniləşdirir. Bu o deməkdir ki, çox rahat şəkildə istənilən adamın hesabındakı 21 min manatla onun “terrorçuluq niyyətləri” arasında bağlılıq tapa bilərlər.
Hələ qanun qəbul olunmasa da, artıq banklar yuxarıda göstərdiyim kimi qeyri-rəsmi tapşırıqlar əsasında işə başlayıblar. Kağız üzərində söhbət “20 min manatdan artıq” yazılsa da, onlar 100 avronun da hesabını sormağa başlayıblar.
Deməli, seçkidə “90 faizlik qələbə” hər nədisə, yenə rejimi arxayın salmır. Onlar Rusiya bazarında göyərti satan Əhmədin qardaşı Məmmədə “babat bir şalvar” almaq üçün göndərdiyi 100 avrodan belə, qorxurlar. Biabırçılıqdır.
Banklarda kredit verişinin dayandırılmasını bəziləri dünyadakı maliyyə böhranı, digərləri isə seçkilərlə izah edirdilər. Birinci arqument Azərbaycan üçün yetərli deyil. Çünki bizdə qiymətli kağızlar bazarı olmadığına görə böhranın izi-tozu da hiss olunmur. Olsa-olsa neftin qiymətləri bir barrel üçün 5-6 dollara düşsə, Azərbaycanda hansısa iqtisadi böhrana ümid eləmək olar bəlkə. Ya da hansısa qıyıqgöz yapon kütləvi istehlaka yararlı olan alternativ enerji mənbəyi kəşf etsə… Yalnız onda YAP-ın kitabı bağlana, Azərbaycanın kitabı açıla bilər. Hələ isə bütün bunlar xəyaldır. Kreditlərin seçkilərə görə dayandırılması da artıq arqumentliyini özü-özlüyündə itirib. Seçki bitib. Müxalifətin hansısa nümayəndəsinin “təzə hamam tikirəm” adıyla kredit götürüb pulu ölkədə inqilab etməyə sərf edəcəyi ehtimalı da yoxdur. Həm də 2-3 min manatla nə inqilab edəcəksən. O pula heç Bakının keçmiş İnqilab küçəsində hamam tikməyə yer də ala bilməzsən. Hər nə isə, seçki bitdi, xalq təpədən-dırnağa kimi bunları dəstəklədi, inqilab da getdi öz işinə. Bəs hakimiyyət hələ krediti demirəm, camaatın adicə 100 avrosunu verməkdən niyə ehtiyat etsin? Deməli, onlar yalnız seçki və seçki günü üçün qorxmurlar. Onlar sadəcə qorxurlar. Onlar xalqı mədəni desək, necə mindiklərinin fərqindədirlər və birmənalı şəkildə hər şeyi, xüsusən də ortalıqda fırlanacaq pulları nəzarətə götürmək istəyirlər. Axı xalqın səsi yalnız seçkidə çıxmır! Amma elə etmək lazımdı ki, başqa bütün hallarda xalqın səsi yalnız seçkidə, həm də adında mənim adımı belə, həbs edən Məzahir Pənahovun qutusundan çıxsın…
Öncə seçim hüququmuz pozuldu.
Sonra söz azadlığı.
Daha sonra sərbəst toplaşmaq azadlığımız.
İndi də cibimizin hesabını sorur, şəxsi həyatımıza burun soxurlar.
Cibimin pulu mənim şəxsi vəsaitim, onu hara xərcləyəcəyim isə şəxsi işimdir. Buna görə niyə sizə izahat verməliyəm? Buyurun, gəlin evimizə “juçok”, yataq otağımıza da MSK-nın veb-kameralarından quraşdırın.
Yox, israr edirsinizsə, izahat da verə bilərik. Özümdən başlayım.
Ötən həftə aldığım maaşın böyük qismini “Şərq” bazarında xərclədim. 3 manatdan Türkiyə istehsalı olan 4 güllü ucuz alt tumanı, 1 manatlıq 2 corab, 30 manata şalvar, 30 manata köynək, 40 manata gödəkçə, aptekdən isə 2 manata bir “prezervativ” almışam. Bu da mənim izahatım… Lazım olsa faksla birbaşa İqtisadi İnkişaf naziri Heydər Babayevə də göndərə bilərəm.
Baxın da, əlli tərpənməsəniz yüz faiz bu həftə inqilab edəcəm.
Link:
| 3.2 |

0 Responses to “Zahir Əzəmət. Bu həftə inqilab olacaq!”
Leave a Reply