Alma qəzetinin bu sayında Araz Önərin "Gevara, Lenin, Muro" adlı yazısı çıxıb. O yazını sizə olduğu kimi təqdim edirik.
Hər dəfə “Alma”nı alıb oxuyan zaman, Məmməd Süleymanovu, Həmid Herisçini və digər solaxay yazarların yazılarını görəndə dəhşətli dərəcədə təəccüblənirəm, həm də bir az əsəbiləşirəm. Ona görə yox ki, mənim bu insanlarla şəxsi qərəzliyim var. Qətiyyən… Mən onları heç tanımıram, münkündürsə heç tanımaq da istəmirəm. Amma məni maraqlandıran, bir sual var. Yəni bu xalqın, bu cəmiyyətin solaxaylara və “sol”a doğrudanmı ehtiyacı var?
Sol deyəndə mənim ağlıma ilk öncə Çe Qevara, Lenin, sonra isə "Kurtlar Vadisi Pusu" serialının qəhrəmanlarından biri Muro gəlir.
Çe Gevara - Kubada inqilabi lider, solçular üçün kumir, liberallar üçün isə elə də önəmli sifət deyil. Bəziləri üçün sadəcə mübarizə simvolu, bəziləri üçün qatil, bəziləri üçünsə zarafatlaşmaq üçün səbəbdir (məs: çe buraşka). O, həyat yoldaşının təsiri altında bütün solaxay proseslərə cəlb olunur. Və bir neçə il ərzində radikal marksistə çevrilir. 1956-cı ildə Kubaya ayaq basan 82 inqilabçıdan biri olur. 1959-cu ildə isə onun dəstəsi Havanaya daxil olur və müharibə qurtarır. Bir müddət La Kabana həbsxanasında müdir işləyir. Onun əmri ilə minlərlə əksinqilabçı məhkum güllələnir. Və hətta bir çoxlarının güllələnməsində Gevara özü iştirak edir. Sonra Kuba milli bankının rəhbəri və Sənaye naziri olur. Sonralar Fidel bəylə araları dəyir və Kuba vətəndaşlığından imtina edib oranı tərk edir.
Lenin - zənnimcə 20-ci əsrin dəhşətli terroristlərindən biridir. Ölkənin yarısını - uşağı, qadını, qocası ilə birlikdə güllələmiş və bu azmış kimi, özünü insanlığın xilaskarı, uşaqların dostu kimi təqdim etmişdir. Onun əsasını qoyduğu dövlətdə ən ağır cinayətlər baş vermiş, insanlara insanlığa sığmayan işgəncələr verilmişdir. Bir çox sovet ölkələrinin və o cümlədən də Azərbaycanın ziyalıları, əksinqilabçıları güllələnmişdir. Lenin inqilabdan sonra çox yaşamasa da, onun təbliğ etdiyi ideyalar bu günümüzə qədər bizi təqib etməkdədir.
Muro - "Kurtlar Vadisi Pusu" serialının ən gülməli personajlarından biri. Bu personaj solçuluğun nə qədər qeyri-səmimi və primitiv axın olduğunu göstərir. Adam öldürdükdən sonra, silahını təmizləyərək “lənət olsun içimdəki insan sevgisinə” ifadəsini işlədir. Yuxarıda saydığım iki nəfər də bunu etmirdilərmi?
İnsanlar heç bir zaman günahkar olmur. Günahkar həmişə sistem olur. Biz Azərbaycan polisini, müəllimini, insanını nə qədər tənqid etsək də bilirik ki, onlar da sistem qurbanlarıdır. Biz onları vəzifələrinin öhdəsindən pis gəldikləri üçün tənqid etmirik, biz onları sistemin qurbanı ola-ola buna göz yumduqları üçün tənqid edirik. Bütün ideologiyalar kağız üzərində mükəmməldir. Sosializmdən tutmuş, dinə qədər. Yəni, təsəvvür edin ki, ölkədə hamı sosialistdir və ya təsəvvür edin ölkədə hər kəs müsəlmandır. Onda təbii ki, bu ölkələr öz vətəndaşlarının səadətini təmin edə biləcəklər. Amma bu gün dünya rəngarəngdir. Və bir ailədə tamamilə fərqli düşünən fərdlər var. Liberal dəyərlər elə bu fərdlər üçündür. Liberalizm yalnız liberallara xidmət etmir. O həm də solçulara, millətçilərə - hər kəsə xidmət edir. Və ən əsası odur ki, liberal inqilablardan sonra əksinqilabçılar güllələnmir. Sizə bir sual verim, bəs Çe Gevaranın güllələdiyi minlərlə əksinqilabçının xilaskarı kim olacaqdı? Cavab yoxdu, heç olmayacaq da. Qətiyyən islahat tərəfdarı olmayan bu axında, hətta bir-birlərinə təhqir olaraq reformist də deyirlər. Əgər solçular ibtidai icma quruluşunda peyda olsaydılar, onda yəqin ki, insanlar hələ də qəbilə halında yaşamaqda davam edəcəkdilər.
İndi bir anlığa təsəvvür edin ki, (ulu tanrı bu bəlanı bizdən uzaq eləsin) Məmməd bəylə Həmid bəy ölkədə inqilab edib, hakimiyyətin başına keçiblər. Adım kimi əminəm ki, Azərbaycanda Dalğa adında bir şey qalmayacaqdı. Hamımızı güllələyəcəkdilər. Dənizdəki dalğanın da adını dəyişib ləpə qoyacaqdılar. Ləpəyə dalğa deyəni də həbs edəcəkdilər… Bizə bu lazımdırmı? İndi bir anlığa, sizləri yox, tək özümü düşünüm. Mənə bu lazımdırmı? Yox! Ona görə, üzümü Həmid bəyin və Məmməd bəyin misalında bütün solaxay yazarlara tutub deyirəm ki, siz bizə lazım deyilsiniz. Gedin Raul Kastrodan Kubada sığınacaq istəyin. Siz onlara lazımsınız. Çünki 1-2 il də belə getsə, Kubada da da rejim dəyişəcək. Gedin rejimi möhkəmləndirməkdə Raul və onun həmkarlarına yardımçı olun.P.S.: Bir dəfə Məmməd Süleymanovun bloqunda oxumuşdum ki, solçuluq romantik axındır. Bir az gülməli gəldi. “Kapital”ı da oxuyub romantik olmaq olar?
Link:
| 3.2 |

0 Responses to “Gevara, Lenin, Muro”
Leave a Reply